Hekayələr

    Gerçəkləşməyən arzu gerceklesmeyen arzu

  Sifəti tanınmaz halda idi. Axı üzü üstə düşmüşdü. On altıncı mərtəbənin fasadında  işləyərkən. Düşdüyü yerdə  qan gölməçəsi  yaranmışdı. Sanki filmlərdə süni yaradılan döyüş səhnələrində boyalarla bu cür edirlər. Ancaq bu real idi. Əraziyə nəzarət edən mühafizəçi qışqıra-qışqıra qaçırdı. Külək səsi yeməkxanaya doğru yönəldirdi.  Səsə yeməkxanadakı  usta-fəhlə briqadası da diskindi. Əynindəki  uniformanın rəngi də dəyişmişdi. Üstən geyinilən  açıq yaşıl rəngli nazik parçadan olan jilet qıp-qırmızı idi. Bədənindəki sümüklər dərini deşib çıxdığından qana qərq olmuşdu. İlk görənlər elə zənn etdilər ki, bu bizin binada çalışan fəhlələrdən  deyil.  On metr kənarda dəbilqə düçmüşdü. Üstündə TSKA İnşaat yazılmışdı. Məlum olurdu ki, fəhlə məhz bu binada çalışanlardan idi. Kim isə özünü itirmədən təcili yardıma zəng etdi. Qalanları isə dinməz-söyləməz ayaq üstə durmuşdular. Canlı olduqlarını bilməyənlər  uzaqdan baxarkən onları tikinti şirkətinin eksponatları zənn edərdi. Təkcə nəfəs alırdılar. Asif bu an tualetdə idi. Səs-küy onu da orda öz işini görməyə imkan verməmişdi. Kombizonun  çiyinliklərini taxıb, hadisə yerinə qaçdı. Qorxurdu. Hadisə yerinə çatanda, sanki onun üzərinə ildırım qığılcımı düşdü. Meyidin ayaqlarındakı  burnu yaşıl rəngə boyanmış iş potinkalarını tanıdı. Axı yaşıl rəngə boyamaq ideyası nı Asif  vermişdi. Az sonra hamıya məlum olacaqdır ki, hündürlükdən yıxılan Asifin yaxın dostu Ramindir. Nəhayət, zəng olunandan yarımsaat keçməsinə baxmayaraq, Təcili Tibbi Yardım maşını tikintinin ərazisinə daxil oldu. Artıq çox gec idi. 16-cı mərtəbədən yıxılan insana yanlız möcüzə kömək edə bilərdi.

   Asif  özünü günahkar sayırdı. Ramini bu tikintiyə o gətirmişdi. Ramin ondan xahiş etmişdi ki, iş olsa mənə də xəbər et, gəlim beş-on manat çörək pulu qazanım. Rayonda işləməyə yer yoxdur. Günü avaralanmaqla keçir. İşini bilən, məsuliyyətli biri idi Ramin. Ona iş düzəltdiyi dostunun üzünü qara etməmək üçün canla-başla işləyirdi. Hətta, işə gecikməmək üçün iş saatı başlamazdan bir saat əvvəl gəlirdi. ..

    Asif elə hey özünü söyür, üzünə-başına vururdu. Raminin anasına nə cavab verəcək?  Deyəcək ki, gözünün ağı-qarası, evinin pul qazananı, toyunu  görmədiyi balası artıq yaşamır? Vijdanı sızlayırdı. Dəfələrlə Raminə demişdi ki, əsas canındır,iş həmişə var, bu gün də,sabah da. Özündən muğayat ol. Ramin isə “əşi boş ver, beş günlük dünyadır” deyə təhlükəsizlik kəmərindən az-az istifadə edirdi. Qurğuların üstündən elə hoppanırdı ki, deyərsən ki, bu  heç də 30-40m hündürlükdə deyil. Hündürlüyə özünü uşaqlıqdan öyrətmişdi. Raminin nənəsigilin həyətlərində qoz ağacları vardı. Qozları yığmaq üçün Ramin qorxmadan ən hündür budağa çıxar,ən ucqar yerdə olan qozu da yerə salardı. O vaxtdan bu vərdiş onda formalaşmışdı. Budaqların üstündə meymun kimi (müsbət bənzətmə) hoppana-hoppana gəzirdi.  Asif ona hündürlükdə işləməyi  təklif edəndə çox sevinmişdi. Arzusu idi ki, paytaxtı hündür qüllələrdən seyr etmək. Bakı haqqında ancaq deyilənlərdən eşitmişdi. İki dəfə Bakı şəhərində olmuşdu. Birinci dəfə TQDK-nın univeristetlərə qəbul olmaq üçün imtahana gəlmişdi. Ovaxtlar hələ 17 yaşı olardı. Bakıya anası ilə gəlmişdi. Anası da böyük şəhəri düz-əməlli tanımadığından onu gəzdiməmişdi. Qohumları avtovağzalda qarşılayıb evlərinə aparmışdı. Səhəri günü  də imtahan verəcək məktəbin binasına qədər getdiyi yol  məsafəsi yaddaşında qalmışdı. Yenidən rayonlarına-Oğuza qayıtmışdılar. Ramin Oğuz rayonun Yolqıraq kəndində  doğulub. Uşaqlığı da demək olar ki, bu kənddə keçmişdi. İmtahanın nəticələri heç də ürək açan olmur. Ramin topladığı 250 bal nəticə ilə paytaxtda yerləşən Univeristetlərin heç birinə qəbul ola bilmir. Uşaqlıqdan arzuladığı Bakı şəhərini doyunca gəzmək arzusu da puç olur. Oğuzda yerləşən Texnikomların birində təhsilini davam etdirir. Ancaq bir il oxumalı olur, artıq əsgərliyə getmək yaşındaydı. Çox həvəsli idi ki, əsgərliyə gedəcək. Bəlkə atasını müharibə zamanı qətlə yetirən ermənini görərsə və qisas almağa imkanı olar. Hərbi komissarlıqdan Raminin əsgərgetmə tarixi təsdiqlənir və Ramini yola salmaq üçün balaca bir yığıncaq təşkil olunur . Yeyib-içməkdən sonra qatarla Ramin Bakı şəhərinə yola salınır. Anasını dayılarına tapşıran gənc əsgər anasına  ürək-dirək məktublarının da ardı-arası kəsilmir. Əsgərliyə gedərkən Ramin ikinci dəfə Bakıya gəlir. Paytaxtın Biləcəri qəsəbəsindəki Mərkəzi bölüşdürmə komissarlığında Ramini Bərdəyə yola salırlar. Bərdədə iki gecə qaldıqdan sonra Ramini on səkkiz ay xidmət edəcək Hərbi hissəyə yerləşdirirlər. Ev yeməklərinə alışan, xüsusi ilə anasın bişirdiyi dadlı yeməklərdən başqa heçnəyi bəyənməyən gənc  əsgər  üçün hərbi  yeməkxanasındakı  menu heç də arzuolunan olmadı. İlk dəfə yeməkxanaya ayaq basan zaman burnuna  hopan, bəlkə də bir ömür boyu unuda bilməyəcəyi  lax yumurta iyi onu iyrəndirdi. Bir həftə o yeməkxanada  nə yemək yedi, nə də su içdi. Həmişə ana qayğısında olan Raminə ilk günlər çox əziyyətli gəlirdi . Əsgər yola salma mərasimində qohumları, dostları tərəfindən cibinə qoyulan pullarla Ramin demək olar ki, bir həftə dükanda satılan ərzaqlarla keyf edir.  Ancaq bunun sonu çox acınacaqlı oldu. Pul bitincə, Raminin əhvalı, sanki  fırtınalı havada  istiqamətini itirən gəmini öz yoluna düzəltmək üçün kapitanın çəkdiyi əziyyətlərdən də betər oldu.  On  gün yeməkxanada ancaq yavan çörəklə kifayətlənməli  olur.  O vaxtadək ki, evdlərində yığdığı piy qatı tamamilə əridi. Özünü güzgüdə başqa birisinə bənzədirdi. Əsgərliyi döyüş bölgəsində, səngərdə keçirən Ramin dəfələrlə ölümlə üz-üzə qalmışdır. Əsgər yoldaşları ona həmişə deyərdilər ki, “Anan namaz üstündədir”.      

   Əsgərlik xidmətinin yeddinci ayında Ramin növbədə olduğu postu ermənilər atəşə tutmağa başlamışdılar. Ramin qorxmadan mövqeyindən cavab atəşi açırdı. Atışma zamanı güllələrdən biri Ramin dəbilqəsinin üstünə dəyərək, yerə salmışdı. Xoşbəxtlikdən güllə Raminin başına toxunmamışdı. Möcüzə onu  xilas etmişdi. Ancaq bu atışma nəticəsində  əsgər yoldaşı çiynindən yaralanmışdı. Yaralı əsgəri Ramin səngərdən çıxararək təcili yardım maşınına çatdırmışdı. Həmin əsgərin adı Asif idi…

   Həmin hadisədən sonra Asiflə möhkəm dostlaşırlar. Asif onu qardaşlarından uzaq tutmazdı. Bəlkə də qardaşlarından çox istəyirdi. Axı ölümcül yaralanarkən onu xilas etmişdi. Gec yardım göstərilsəydi  qanaxmadan həyatını itirə bilərdi. Asifin valideynləri bu hadisədən xəbərdar idi və həmişə əsgər oğullarının yanına gəldikdə Ramini də unutmurdular. Beləcə əsgərlik çəkdiyi müddətdə öz anası kasıb olduğundan cəmi bircə dəfə Raminə baş çəkməyə gəlmişdi. Ancaq Asifin ata-anası onu düz 12 dəfə yoxlamışdılar.  Əsgərlik bitincə də dostluq adi həyatda da davam etmişdi.

   Ramin 23 iyul  1987-ci ildə anadan olmuşdu.  2007-ci ilin aprel ayında əsgərlikdən döndükdən sonra anası onu nişanlamaq istəyir. Hətta ona qonşuda yaşayan Nigar adlı qızı da təklif etmişdi. Lakin Ramin həmin qızı özünə bacı bilirdi. Uşaqlıqdan bir yerdə byümüşdülər.  Raminin qəlbində başqa biri vardı. Ansını yola gətirir ki, hələ işləyib pul yığmalıdır, evlənmək üçün büdcə toplamalıdır.  Anası ikinci qrup əlillik təqaüdü alırdı. Gözləri zəif görürdü.Sovetlər dövründə kimya labaratoyasında işləmişdi. Elə həmin yerdə işlədiyi zaman gözlərinə kimyəvi maddələrin sınaq reaksiyaları zamanı şüşə kolbalar sınmış, buxar 27 yaşlı Zeynəb xanımın gözlərini  kor etmişdi. Uzun müalicədən sonra gözlərinin nurunu az da olsa geri qaytarmağa nail olmuşdu.  Raminin Atası Sabir bəy də Zeynəb xanımla həmin lobaratoriyada tanış olmuşdu. O zamanlar gənc kadr olan Sabir bəy direktorun köməkçisi  vəzifəsində çalışırdı. Sovetlər birliyi dağıldıqdan sonra həmin lobaratoriya da ittifaqın taleyini yaşadı. 1991-ci ildə eytiyyatda olan baş leytenant Sabir Fərziyev hərbiyə yollandı. Dörd yaşlı Ramin axırıncı dəfə atasının üzünü həmin vaxt sonuncu dəfə görmüşdü. O gün Raminin yaddaşında silinməz iz buraxmışdı…

  Ramin qonşu kənddə bir qıza vurulmuşdu. Adı Sevda idi. Sevda Raminin xalası Zərnigargilin qonşuluğunda yaşayırdı. Ona görə də Ramin xalasıgilə getmək bəhanəsi ilə əslində sevgilisin görməyə gedərdi.

  Əsgərlikdən sonra Ramin yarımçıq qalmış texnikomunu bitirir. Rabitə qurğularının istismarı ixtisasına yiyələn Ramin  bir müddət yerli ATS-də montyor işləyir. Lakin, aylıq məvacib yetərincə olmur. O işdən ayrılmaq məcburiyyətində qalır. Beş-altı ay kənddə  işsiz avaralanır. Tez-tez paytaxtda çalışan əsgərlik yoldaşı Asifə zəng edib  maraqlanır. 2010-cu ilin isti yay aylarında Ramini Bakıya dəvət edir. Ramin tikintidə fəhlə işləməyə başlayır. İşlədiyi müddətdə də ustalığın sirrlərinə yiyələnir. Çox keçmir ki, Ramin artıq fasad şüşələrinin quraşdırılması üzrə peşəkar ustaya çevrilir. ATS-də çalışdığı montyorluqda aylıq 120 manat alırdısa, ustalıqda bu  beş-altı  dəfə artıq rəqəmi göstərirdi. Məvacibinin yetmiş faizə  qədərini  anasına göndəriridi. Anası da öz növbəsində “oğluma toy edərəm “ deyib  toy üçün tədarük görürdü. Qalırdı Raminin aşiq olduğu qızın ünvanını anasına söyləmək…

  2012-ci ilin son günü idi. Ramin yeni il bayramını qeyd etmək üçün doğma kəndinə gəlmişdi. Anası da oğluyla bayramı  birlikdə keçirtməkdən ötrü dadlı yeməklər hazırlamışdı. Bayram axşamı Ramin uzun zamandır qəlbində gizlətdiyi sirri söyləmək qərarına gəlir.

          Ana, sən çoxdandır ki, mənə deyirsən səni evləndirim. Hətta adaxlı da axtarırsan mənə. Əgər etiraz etmirsənsə elə mən bəyəndiyim qıza elçi getsən lap ürəyimcə olar.

          Ay bala, bəs belə… bu vaxtadək bunu məndən niyə gizlədirdin? Bircə arzum var ürəyimdə: sənin toyunda süzə-süzə rəqs edim. Ömrümün də yarıdan çoxunu başa vurmuşam. Bir Alah bilir ki, sən böyüyüncə min əzaba qatlaşmışam. Ehh… (köqs ötürür). O günlər getsin qayıtmasın.

   Bu söhbətdən bir müddət keçir. Gün-günə calanıb ötüb keçdiyini  Ramin və anası hiss etmir. Sanki zaman bu izdivacın baş tutmasına tələsmir.  Mart ayı yetişir. Ramin anasına və sevgilisinə hədiyyə alıb 8 mart münasibəti ilə təbrik edir. Və qərara alınır ki, bir həftə sonra ana yar qapısına gedəcəkdi.  Bu günlərdə Ramin daha çox işləməyi qarşısına məqsəd qoyur. Çalışır ki, daha çox işləməklə gəliri də artar. Toy etmək üçün əvvəlcə evlərini təmir etdirməli idi. “Görəsən necə olacaq, öhdəsindən gələ biləcənmi?”  deyə öz-özünə sual verirdi.  Son günlər daha çox fikirli olurdu. Nahar fasiləsinə gec  düşərdi. Belə iş günlərinin birində,  bir hadisə də baş vermişdi. 16-cı mərtəbədə işləyən Ramin unutduğu əşyalardan ötrü üç dəfə 1-ci mərtəbəyə enib qalxmışdı. Asif bunu görəndə lağ-lağa edib qışqıra-qışqıra səslənmişdi:  “Eşq vurub başına”. Əslində beynində eşq fikirləri deyil, maddi  problemlər idi. Çünki, onun fikrincə, müasir zamanda əsl sevgiyə baxan yoxdu. Kimin ki, pulu var ona istədiyini əldə etmək müşkül deyil. Lap ayı əti də yeyər. Amma Ramin ayı əti yemək fikrində deyil. Sadəcə kasıb toyu keçirtmək üçün biraz  daha çox işləməli idi. Çox işləmək dedikdə, Ramin usta idi və ustalar da günəmuzd deyil, kvadrat hesabı məvacib alırlar.

  Ölkə Novruz bayramını qeyd etməyə hazırlaşırdı. Yel çərşənbəsinin səhəri günü idi. Havalar çox da soyuq keçmirdi. Necə deyərlər əsl yaz havası idi.  Qəflətən, Bakıda əskilməyən küləklər yenə möhkəm əsməyə başlamışdı. Saat günorta biri göstərirdi. Bu o deməkdir ki, hər yerdə insanlar nahar  yeməyinə tələsirdilər. Raminə də xəbər etdilər ki, nahar  fasiləsidir. Həmin gün də Ramin nahar yeməyinə hamıdan gec düşəcəyini planlaşdırmışdı. Təhlükəsizlik kəmərinin qırmağını ilişgəndən açıb, el arasında “kazyol” deyilən binanın kəndarında süni quraşdırılmış köməkçi qurğunun üzərində ehtiyatla yeriməyə başladı. Çox fikirli idi. Axı bu gün həmin gün idi. Anası ilə qərara gəlmişdilər ki, məhz bu gün getsin elçiliyə. Dayısı ilə birlikdə. Yəqin indi həmin kəndə çatmış olardılar. Ağlında dolaşırdı ki, bəlkə kasıb olduqlarına görə Sevdanın atası yox deyəcəkdi.  Bəlkə də heç buna fikir verməyəcəklər. Zakir kişini bəlkə heç maddiyat düşündürmür. Yəqin xasiyyətimi soruşacaqlar. Əşi anam məni elə tərifləsin ki, gəl görəsən. “Yox”  cavabı verməkdən ötrü başqa nə səbəb ola bilər? Bu fikirlər onu elə hey düşündürürdü. Önündəki  qurğunun üzərindəki  taxtanın qoyuluşuna  fikir vermədən ayağını atdı. Bir addım öndə ölüm, bir addım geridə həyat olduğunu düşünmədən.  Fikrini ancaq “həri” məsələsinə yönəltmişdi. Tikinti binasında bütün usta-fəhlələr yeməkxanaya düşmüşdülər. Nahar fasiləsi  idi, tikintidə işlər dayanmışdı.   Ramin də hazırlaşırdı ki, yeməkxanaya düşsün. Düşməyinə düşdü, ancaq yeməkxanaya deyil, betonlanmış zəminə. Təxminən 50 metr hündürlükdən yıxılan Raminin düşməsi göz qırpımında baş verdi.Gənc oğlanın  iyirmi altıncı baharı gəlmədən qış oldu. Bəlkə də ürəyindəki iyirmi altıncı arzusu həyata keçmək üzrə idi. Lakin bundan xəbəri belə olmadı…

  … Zakir öz qızı Sevdanı yanına çağırıb onun fikrini öyrənir. Sən demə, Zakir kişi Raminə göz qoyurmuş, onun tərbiyəsinə, əxlaqına nəzər yetirirmiş. Ona görə də heç bir söz demədən razırlaşır. Raminin anası da sevinə-sevinə gələcək gəlini olacaq Sevdagilin evindən ayrılır. Tələsirdi… Tələsirdi ki, oğluna şad xəbər versin. Nişan günü də təyin etmişdilər. Axı aman-zaman bircə balasını evləndirəcəkdi. Evinə gəlin gətirəcəkdi. Ramin dünyaya gələrkən də bu cür sevinmişdi. Həmin gün sevincinin həddi-hüdudu yoxdu. Bir vaxtlar ağlağan körpə balasını bələyən ana, indi isə onu evləndirirdi.  Evə gəlincə qohum-qonşuya şirinlik-konfet paylayacağını planlaşdırmışdı. Ancaq yuxusunda belə  görməyəcək sürprizlə qarşılaşacağını gözləmirdi. Sən saydığını say, gör fələk nə sayır…

… Asif  Raminin cansız cəsədinin  yanında diz üstə çökmüşdü. Üzünü ovcuna sıxıb elə hey var-gəl edirdi. Raminin cibindəki mobil telefonun zəngi çalınmağa başladı. Təbii ki, sahibi telefona cavab vermək iqtidarında deyildi. Asif telefona əlini uzatmağa cürət etmir. Yanındakılardan kimsə telfonu meyidin yanından götürür. Ekranda “Zəng edən ANA”  yazılıb. Bu zəng Raminə şad xəbər  çatdırmaq üçün idi. Telfonu ilk zəngdən cavab verən olmur.Ana da fikirləşir ki, yəqin oğlumun əlində işi var. Lakin düşünür ki, oğlum bu xoş xəbəri eşitməlidir. Yenidən zəng edir. Əlində olan adam telefonu açır. Ancaq nə deyəcəyini bilmir. Meyidin kəndarına toplaşan insanlar üzərinə sükut çökmüşdü. Nəhayət telfonun düyməsi basılır…

          Alo! Oğlum Ramin muştuluğumu ver. Qızın hərisini aldım.

    Ananın səsi telefonda çox şən, gözəl əhval-ruhiyyəli, sevincli eşidilirdi. Hətta demək olardı ki, telefonun o tayındakı qadının gözləri də sevincdən yaşarmışdı.

  Görəsən bu bəd xəbəri sevincdən gözləri yaşaran  anaya necə demək olardı?

          Alo, Alo, xala mən Ramin deyiləm.

          Ay balam, yəqin sən Raminin iş yoldaşısan. Sənin də xəbərin olsun. Toya sən də dəvətlisən. On gündən sonra oğlumun nişanıdır. Yəqin subaysan, Allah sənə də qismət etsin. Ona çatdır ki, qızın hərisini almışam. Narahat olmasın, hər şey əladır.

Qadın sevincini bölüşürdü. Ancaq ona verilən cavab onu göyün yeddinci qatından yerə çırpacağını düşünməmişdi. Asif telefona cavab verən adamın əlindən alır.

          Xala, xala, Ramin daha yoxdu,  danışan Asifdi. Ramin bizi tərk etdi.

          Niyə, oğlum Asif dalaşmısınız?  Niyə sizi tərk etdi?

          Kaş ki, dalaşaydıq. Kaş ki, mənim yanımda heç  işləməyəydi. Ramin  o bu dünyanı tərk etdi!

 (Asif hönkürərək ağlamağa başlayır.)

          Asif, oğlum sən yaxşısan niyə ağlayırsan?  Bu nə sözlərdir?

          Mən yaxşıyam, ancaq Ramin yox. O, on altıncı mərtəbədən yıxıldı  həlak oldu.

   Bu sözləri eşidən ananın gözləri bərələ qaldı. Beyninə gedən qan damarları gərilməkdən partlamaq həddinə çatdı. Bəlkə də artıq partlamışdır. Onsuz da zəif görən gözlərinə qaranlıq çökdü.Telefon olan əli qulağına yapışmış kimi qaldı. Örpəyini külək başından saldı. İçindən gələn səs oğlunun ölmədiyini deyirdi. Artıq gec idi. Stressdən ananın beyni qurumağa başlayırdı. Sanki, ətrafındakıları görmür, eşitmir, hiss etmirdi. Gözlərindəki yaşlar da qurumuşdu. “Mən Raminimlə nəfəs alıram” sözləri  özünü doğrultmağa başlamışdı. Nəfəs almaq da çətinləşdi. Ağ ciyərlər də Raminin ölüm xəbərini həzm edə bilmədi. Meşədəki hündür ağacları kəsərkən necə yıxılırlarsa, ana da o cür yıxıldı. Burnundan qan açılmışdı. Zeynəb xanım oğluna qovuşmuşdu. İndi onu əzizləyir, bəlkə də yaralarını da sarıyırdı…

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: